İşçi ölümləri: ehtiyatsızlıq yoxsa, siyasi sistemin günahı?
İyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində aparılan tikinti işləri zamanı fəhlə kimi çalışan 2005-ci il təvəllüdlü Ariz Ağayarov torpaq uçqununun altında qalaraq həlak olub Eyni gündə bir digər fəhlə ölümü isə Xırdalan şəhərində baş verib. 1996-cı il təvəllüdlü Anar Nastakalov tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb . Mediada hər iki faktla bağlı prokurorluq orqanları səviyyəsində araşdıra aparıldığı qeyd olunur.

Son illərdə işçi ölümləri Azərbaycanda tez-tez müşahidə olunan, lakin diqqətdən kənar qalan mövzular sırasındadır. Yerli media resursları müntəzəm olaraq işçi ölümlərinə yer versə də, bu ölümlərin adətən ehtiyatsızlıq səbəbilə baş verən “bədbəxt hadisə” olduğu vurğulamaqla kifayətlənir. Günah birmənalı olaraq “əmək təhlükəsizliyinə əməl etməyən” işçilərin üzərinə atılır. İş yerlərində baş verən və işçilərin əmək qabiliyyətini itirməsi ilə nəticələnəən qəzalar barədə isə məlumatlar demək ola rki, verilmir.
Son 5 ildə işçi ölümləri və yaralanmaları 300% artıb
Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölən şəxslərin sayı 2024-cü ildə 747 nəfər olub. Onlardan 88 nəfəri ölüb, 659 nəfəri isə əmək qabiliyyətini itirib. Bu son 5 ildən müşahidə olunan ən yüksək göstəricidir. Müqayisə üçün deyək ki, 2020-ci ildə bu göstərici 250 (48 ölüm 202 əmək qabiliyyətini itirmə), 2021-ci ildə 327 (51 ölüm, 276 əmək qabiliyyətini itirmə), 2022-ci ildə 281 (34 ölüm, 247 əmək qabiliyyətini itirmə), 2023-cü ildə isə 454 (70 ölüm, 384 əmək qabiliyyətini itirmə) nəfər olub. İşçi ölümləri və yaralanmaların ən çox müşahidə olunduğu sahələr isə uyğun olaraq emal sənayesi, tikinti sahələridir.
Son 5 ildə əməyin təhlükəsizliyinə uyğun olmayan avadanlıqlarda işləyənlərin sayı 6 dəfə artıb
Oxşar tendensiya əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda çalışan işçilərin sayında da müşahidə olunur. Statistika Komitəsinin məlumatına əsasən 2020-ci ildə 208 nəfər işçi əməyin təhlükəsizliyi tələblərinə cavab verməyən avadanlıqlarda işləyib. 2023-cü ildə isə bu rəqəm 1339-a yüksəlib.
Aydındır ki, əməyin təhlükəsizliyi tələblərinə əməl olunmaması işçilər üçün ölüm və əmək qabiliyyətini itirmək kimi ciddi risklər yaradır. Bu cür şəraitdə çalışan işçilərin sayındakı artımla işçi ölümləri və yaralanmaları arasındakı korrelyasiya da bu dediklərimizi sübut edir.
Qeyd olunan məqamlar Azərbaycanda əməyin mühafizəsi məsələsini və bu istiqamətdə görülən işləri yenidən gündəmə gətirir. Əmək Məcəlləsinə əsasən (Maddə 220) təyinatından asılı olmayaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəlirləri əsasında həyata keçirilməlidir. 2023-cü il 24 fevral tarixli dəyişikliyə əsasən isə işçilər əməyin mühafizəsi üçün hər hansı xərc çəkmirlər. Bir sözlə iş yerlərində əmək təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi birbaşa dövlətin və onun nəzarəti ilə müəssisənin vəzifəsidir. Bəs dövlət bu qanunvericilikdə nəzərdə tutulan bu öhdəliyini necə yerinə yetirir?
Əməyin mühafizəsi üçün çəkilən xərclər 15% azaldılıb
Statistika Komitəsinin məlumatlarına əsasən son illərdə Azərbaycanda əməyin mühafizəsi tədbirlərinə çəkilən xərclərin məbləğində ciddi azalma müşahidə olunur. Əgər 2016-cı ildə əməyin mühafizəsi tədbirləri üçün 70.6 milyon manat vəsait xərclənmişdisə, 2023-cü ildə bu rəqəm 59.9 milyon manata qədər azalıb. Qeyd olunan statistikaya əsasən əməyin mühafizəsi üçün çəkilən xərclərin 2016-cı ildən etibarən müntəzəm olaraq azaldığını göstərir.
Əmək Məcəlləsinə əsasən (Maddə 38) əlverişli omayan əmək şəraitində çalışan işçilər üçün bir sıra güzəştlər və əlavə məzuniyyətlərin verilməsi nəzərdə tutulur. 2010-cu ildə sənaye işçilərinin 12.7%-i bu hüquqdan yararlandığı halda, 2023-cü ildə bu göstərici 9.2%-ə düşüb. Oxşar tendensiya tikinti sektorunda da müşahidə edilir. Əgər 2010-cü ildə bu sahədə çalışan 4.5% işçi əlavə məzuniyyət hüququndan yararlanırdısa, 2023-cü ilin göstəricilərinə əsasən onların sayı 0.2%-ə enib.