Təhsilsiz gələcək: Azərbaycanda qızlar üçün seçim varmı?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də çıxış edib. Öz çıxışında Azərbaycanın gender bərabərliyi mövzusunda “dünya ölkələri üçün model” olduğunu vurğulayıb. Bəs görəsən Bahar Muradovanın iddiası Azərbaycandakı real vəziyyəti əks etdirirmi? Doğrudanmı Azərbaycan gender bərabərliyi sahəsində dünya ölkələri üçün “model” olacaq vəziyyətdədir?

Bahar Muradovanın həddindən artıq iddialı çıxışının fonunda ölkədə gender bərabərliyi ilə bağlı qısa araşdırma aparmaq qərarına gəldik. Araşdırmamızın məqsədi ölkədə gender bərabərliyi sahəsindəki əsas tendensiyanı (inkişaf və ya geriləmə) və bu tendensiyaya səbəb olan başlıca problemləri müəyyən etməkdir. Bu məqsədə çatmaq üçün rəsmi statistikalardan və beynəlxalq indeks göstəricilərindən, həmçinin onların müqayisəsindən istifadə etdik.
Beynəlxalq indeksdə son 5 ildə 6 pillə geriləmə...
Bir müddət öncə “Dünya İqtisadi Forumu” 2024-cü il üçün gender bərabərliyi reytinqini (Global Gender Gap Report 2024) yayımlayıb. 146 ölkənin daxil edildiyi reytinqdə Azərbaycan 103-cü pillədə qərarlaşıb. Göstəricilərə əsasən Azərbaycanın reytinq pilləsində 2023-cü ildəki nəticəsindən 6 pillə geriləyib. Əvvəlki illərin reytinq göstəricilərinə nəzər saldıqda aydın olur ki, bu geriləmə tendensiyası 2020-ci ildən etibarən davamlı olaraq baş verir. 2020-ci ildə 94-cü sırada yer alan Azərbaycan 2024-cü ilədək ümumilikdə 9 pillə geriləyib.
Hesabata nəzər saldıqda Azərbaycanın 2024-cü ildə xüsusilə təhsil sahəsi üzrə gender göstəricilərinin gerilədiyi görünür. Siyasi iştirak, iqtisadiyyat və səhiyyə istiqamətlərində isə son illərdəki göstəricilər böyük ölçüdə qorunub saxlanıb. Halbuki təhsil sahəsi bu vaxtadək Azərbaycanın gender bərabərliyinin təmin olunması baxımından hər zaman lider istiqamət olub. Beynəlxalq indeks məlumatlarından aydın olur ki, son 5 il ərzində orta təhsil pilləsində gender bərabərliyi davamlı olaraq pozulur. Bu pozulma xüsusilə qızların orta təhsil pilləsində iştirak göstəricilərinin azalması nəticəsində formalaşır.
Bu məqamda bir haşiyə çıxaraq qeyd edək ki, biz bu araşdırmada təhsildən yayınma deyərkən fərdlərin tam orta təhsil pilləsini bitirməməsi, attestat almamasını və ya təhsilini peşə istiqamətində davam etdirməməsini nəzərdə tuturuq. Ölkə qanunvericiliyində icbari təhsil yalnız ümumi orta təhsil pilləsinə (9-cu sinif) şamil edilir və məcburi xarakter daşıyır. 10-11 sinifləri əhatə edən tam orta təhsil pilləsi isə icbari xarakter daşımır. Lakin 9-cu sinfi bitirən sagirdlər yaş etibarilə 15-16 yaşlıdırlar və təhsil mühitindən kənar qaldıqları üçün erkən nikaha, əvəzsiz əməyə cəlb edilirlər. Hansı ki, bu onların yetkinlik yaşı hesab olunan 18 yaşınadək normal inkişafına, şəxsiyyətinin formalaşmasına, bilik və bacarıqlarını təkmilləşdirmələrinə əngəl törədir. Ölkə qanunvericiliyinə əsasən 18 yaşınadək fərdlər uşaq hesab olunur.
Rəsmi statistika nə deyir?
Beynəlxalq indeksdə əks olunan tendensiya Dövlət Statistika Komitəsinin verdiyi məlumatlarda da öz əksini tapır. Aşağıdakı cədvəldə məşğul əhalinin təhsil səviyyəsi üzrə cins bölgüsü ilə bağlı statistika verilib.
2020-ci ilədək məşğul qadın əhalinin təhsil səviyyəsi üzrə statikasında yalnız ümumi orta, yalnız ibtidai və ya təhsilsiz fərdlərin sayı azalır. Lakin 2020-ci ildən etibarən hər 3 kateqoriya üzrə qadınların sayında isə artım baş verir. 2020-2023-cü illər əzində yalnız ümumi orta təhsilə malik məşğul qadınların sayı 13.7 min nəfər artıb. Yalnız ibtidai təhsilə malik məşğul qadınların sayı 5 min nəfər, təhsilsiz məşğul qadınların sayı isə 700-800 nəfər artıb. Məşğul əhalinin ölüm amilini də nəzərə alsaq, bu rəqəmi minimum hədd hesab etmək olar. Ümumiləşdirsək, 2020-ci ildən etibarən statistikada qeyd olunmuş 20 min nəfərə yaxın qadın təhsildən yayınıb, yalnız ibtidai təhsil alıb və ya 9-cu sinifdən məktəbi tərk edib.
2024-cü ilin statistikasına əsasən isə 15-19 yaşlı iqtisadi fəal qadınların sayı 46.6 min nəfər olub. Onlardan 100 nəfəri yalnız ibtidai təhsilə, 12.5 min nəfər isə yalnız ümumi orta təhsilə malik olub. Bir sözlə təkcə 2024-cü ildə 12.6 min nəfər qadın təhsilini yarımçıq qoyub. Bu bütün 15-19 yaşlı iqtisadi fəal qadınların 27%-ni təşkil edib. Qeyd edək ki, orta ixtisas təhsili (kollec) və ya peşə təhsili alan qadınların sayı statistik məlumatlarda ayrı göstərilir. Bu baxımdan bəhs etdiyimiz 46.6 min nəfər qadın növbəti təhsil pilləsinə keçməyən, 9-cu sinifdən etibarən təhsilini yarımçıq qoyan və hər hansı formada təhsilini davam etdirməyən fərdlərdir.
Eyni dövrdə iqtisadi fəal kişilərin sayı ümumilikdə 105.8 min nəfər olub, onlardan 100 nəfər təhsilsiz, 100 nəfər yalnız ibtidai təhsilə malik, 16.7 min nəfər isə yalnız ümumi orta təhsilə malik olub. Bu bütün 15-19 yaşlı iqtisadi fəal kişilərin 16%-ni təşkil edib.
Ümumi məşğul əhalinin təhsil statistikasında da təhsildən yayınan kişilərin göstəriciləri qadınlara nisbətdə aşağıdır. Aşağıdakı cədvəldən aydın olur ki, müqayisə dövrü ərzində (2020-2023) təhsilsiz kişilərin sayı ümumi məşğul kişi əhalinin sayında 1.4 min nəfər artıb. Yalnız ibtidai təhsilə malik kişilərin sayı 200 nəfər, 9-cu sinifdən məktəbdən ayrılan kişilərin sayı isə 3.2 min nəfər azalıb. Məşğul kişi əhalinin ölüm amilini nəzərə aldıqda bu göstərici minimum kimi qiymətləndirilə bilər.
Bu göstəriciləri ümumiləşdirsək, 2020-ci ildən etibarən minimum 32.6 min nəfər qadının məhdud təhsil aldığını (onlardan 5.1 min nəfəri yalnız ibtidai təhsil alıb), təhsilin digər pillələrinə keçmədiyini, tam orta təhsili belə bitirmədiyini öyrənirik. Eyni göstərici kişilər üzrə minimim 21.5 min nəfər təşkil edir. Bu kifayət qədər böyük fərqdir və təhsildən yayınmanın real mənzərəsini təqdim edir. Statistika göstərir ki, təhsildən yayınma daha çox qadınlara təsir edir. Eyni yaş qrupunda təhsildən yayınan qadınların sayı kişilərdən yüksəkdir. Halbuki demoqrafik göstəricilərdə təhsil pilləsinə qədəm qoyan kişi fərdlərin sayı qadın fərdlərdən daha çoxdur. O zaman haqlı olaraq belə bir sual yaranır, qadınların təhsildən yayınmasının səbəbləri nələrdir və bu tendensiya niyə artan sürətlə davam edir?
Təhsildən yayındırılan qızların taleyi: erkən nikah və ya əvəzsiz əmək
Qadınların təhsildən yayınması problemi uzun müddətdir bilinən və ictimaiyyət tərəfindən dilə gətirilən məsələdir. Əvvəlki illərdə bu probemin səbəbləri ilə bağlı rəsmi şəxslər tərəfindən müxtəlif iddialar səsləndirilib və onların həlli ilə bağlı çağırış edilib. Lakin hazırkı vəziyyət və 2020-ci ildən etibarən davam edən tendensiya problemin həll edilmədiyini, əksinə daha da dərinləşdiyini göstərir.
Qadınların təhsildən yayındırılmasının birinci səbəbi kimi adətən erkən evliliklər göstərilir. Rəsmi dövlət statistikası Azərbaycanda erkən nikahlarının sayında ciddi azalma olduğunu deyir. Ən son 2023-cü ilin məlumatına əsasən Azərbaycandakı erkən nikahların sayı 223-ə enib. Lakin bu rəqəmlər yalnız rəsmi qeydiyyata alınmış nikahları əhatə edir. Problemlə bağlı real mənzərəni əks etdirmir. Xüsusilə kənd yerlərində qeydiyyatsız və ailələr arasında bağlanan erkən nikahların hər hansı statistikası mövcud deyil. Buna baxmayaraq erkən nikahlarla bağlı dolayı yollarla statistika əldə etmək mümkündür.
Statistikaya əsasən, 2023-cü ildə 15-17 yaşlı qadınlar tərəfindən 1742 uşaq dünyaya gətirilib və onlardan 1624-ü birinci uşaq olub. Hamiləlik müddətini, Ramazan və Məhərrəmlik ayları kimi toy şənliklərinin keçirilmədiyi dini ayları nəzərə alsaq, bu qədər doğum 15-16 yaşında erkən evlilik və ya daha da pis, erkən yaşda təcavüz deməkdir. İctimai qınaq və mentallıq səbəbilə ailələr təcavüzə məruz qalmış qızlarını evləndirməklə ictimai qınaqdan və ya məsuliyyətdən yayınmaqda daha maraqlıdır. Hətta bu şərtlərdə belə 17 yaşındakı bir qadının dünyaya uşaq gətirməsi üçün gərək 15-16 yaşında evlənmiş olsun. Deməli ölkədə erkən yaşda evlənən və erkən yaşda ana olan qızların sayı rəsmi statistikada göstərilən 223-dən qat-qat çoxdur.
Təhsildən yayınma ilə bağlı ikinci önəmli amil ailələrin iqtisadi vəziyyəti ilə bağlıdır. Ailələr iqtisadi vəziyyətləri pis olduğu üçün qız uşaqlarını təhsildən yayındırır və onları ailə təsərrüfatlarında əvəzsiz işləməyə yönəldir. Statistikaya əsasən 2024-cü ilin yanvarınadək ailə kəndli təsərrüfatında və ya ailə biznesində haqqı ödənilmədən, əvəzsiz əməklə məşğul şəxslərin sayı 1.570.3 min nəfər olub. Onlardan 1.067.2 min nəfəri, yəni 68%-i qadınlardır. Ailə təsərrüfatında əvəzsiz əməyə cəlb edilən qadınların sayındakı illik artım da bu iddianı təsdiq edir.
2020-ci ildən etibarən ailə təsərrüfatında əvəzsiz əməyə cəlb edilən qadınların sayı ümumilikdə 115.2 min nəfər artıb. Eyni kateqoriya üzrə kişilərin sayı isə 18.9 min nəfər artıb. Aradakı fərq çox böyükdür. Təhsildən yayınmış qadınların rəsmi iş tapmalarındakı çətinlikləri nəzərə alsaq, onların önəmli bir hissəsinin ailə təsərrüfatlarına əvəzsiz əməyə cəlb edildiyini desək yanılmarıq.
Kimdir günahkar: ailə, dövlət və cəmiyyət?
Bu tendensiyanın səbəbləri sırasında Azərbaycan cəmiyyətinin mental ənənələrini də qeyd edə bilərik. İqtisadi çətinliklə üzləşən ailələr əsasən oğlan uşaqlarının təhsilinə daha çox üstünlük verirlər. Çünki oğlan uşaqları ailənin və ailə təsərrüfatının gələcəyini təmsil edir. Qız uşaqlarına çəkilən xərclər onların evlənəcəyi, ailə təsərrüfatından ayrılacağı və iqtisadi fayda verməyəcəyi bəhanəsi ilə azaldılır. Ailələr qızların nəinki ali və ya peşə təhsili, hətta tam orta təhsil almasını belə önəmsiz və əlavə xərc kimi görür. Bu düşüncələr əmək bazarında təhsil almış kişilər üçün daha çox iş imkanların olmasında özünü biruzə verir.
Təhsildən yayınmaları tətikləyən bir digər amil isə təhsilin əlçatanlığı ilə bağlıdır. Xüsusilə kənd yerlərində son illərdə orta məktəblərin sayında ciddi azalma müşahidə olunur. Bu azalmanın səbəbi şagirdlərin azlığı və təhsildən yayınma ilə izah edilə bilər. Lakin məktəblər bağlanması və bir neçə kəndə cəmi 1 məktəbin fəaliyyət göstərməsi uzaq məsafədəki şagirdlər üçün təhsilin əlçatanlığını daha da aşağı salır. Bu baxımdan məktəblərin bağlanması təhsildən yayınma probleminin həm nəticəsi, həm də səbəbi kimi dəyərləndirilə bilər.
Statistikaya əsasən 2019-2024-cü illər arasında kənd yerlərində 24 ibtidai məktəb, 26 orta ümumtəhsil məktəbi və 26 tam orta məktəb bağlanıb. Hər bağlanan məktəb bu məktəbin yerləşdiyi ərazilərdə təhsil almaq istəyən gənclərin vəziyyətini daha da pisləşdirir və təhsil imkanlarını məhdudlaşdırır.
Təhsildən yayınma problemini davamlı olaraq aktual edən bir digər məsələ də icbari təhsil yanaşması ilə bağlıdır. Azərbaycanda sagirdlər üçün 9-cu sinif də daxil olmaqla ümumi orta təhsil pilləsi icbari xarakter daşıyır. 10 və 11-ci sinifləri əhatə edən tam orta təhsil pilləsi isə icbari deyil. Dövlət qurumları da öz fəaliyyətlərini bu yanaşmaya əsasən həyata keçirdikləri üçün 9-cu sinifi bitirib məktəbi tərk edən sagirdlər təhsildən yayınmış hesab olunmur. Lakin təhsil proqramlarına nəzərə salanda aydın olur ki, 9-cu sinif şagirdlərinin bir sıra fənnlər üzrə təhsillləri həqiqətən yarımçıq qalır və bu vəziyyət onların cəmiyyət həyatına tam inteqrasiyasına əngəl törədir. Bu sagirdlər ən azından Azərbaycanın yeni və ən yeni tarixi, mədəniyyəti və ədəbiyyatı barədə tam olaraq məlumatsız yetişir, ümumi dünyagörüş səviyyəsi baxımından həmyaşıdlarından ciddi şəkildə geri qalır.
Göründüyü kimi icbari təhsilin mövcud həddi təhsildən yayınmanın qarşısını almaq əvəzinə, təhsildən yayınmaya şərait yaradan amilə çevrilib. Valideynlərə imkan verir ki, erkən evlilik, iqtisadi vəziyyət, mental düşüncə kimi səbəbləri əsas gətirməklə 15-16 yaşlı qızları təhsildən yayındırsınlar. Bu baxımdan icbari təhsilin 11-ci sinif həddinə yüksəldilməsi bir çox ekspertlər tərəfində də dəfələrlə dilə gətirilən məsələdir. Sual yaranır ki, qızların orta təhsildən yayındırılması probleminin həlli ilə kim məşğul olmalıdır?
Nəticə
Təhsil fərdin sosial-iqtisadi vəziyyətini müəyyənləşdirən əsas amillərdən biri olmaqla yanaşı, cəmiyyətin inkişaf səviyyəsini də əks etdirən mühüm göstəricidir. Təhsil imkanlarına bərabər çıxış, sosial ədalətin təmin olunması baxımından mühüm rol oynayır. Təhsildən yayınma isə yalnız fərdi səviyyədə məhdudiyyətlər yaratmır, həm də cəmiyyətin ümumi inkişafına mənfi təsir göstərir.
Araşdırma nəticələri göstərir ki, görülən tədbirlərə baxmayaraq Azərbaycanda qadınların təhsildən yayınması ciddi problemə çevrilib. Üstəlik bu problem 2020-ci ildən etibarən daha sürətlənərək davam edir. Hazırkı mənzərədən yaxın gələcəkdə də bu tendensiyanın davam edəcəyi, təhsildən yayınan qadınların sayında artımın olacağı və xüsusilə orta təhsildə gender bərabərliyinin ciddi şəkildə pozulacağı istisna edilmir.
Qızların təhsildən yayındırılmasının əsas səbəbi erkən nikahlarla yanaşı ailələrin maliyyə vəziyyətidir. Ailələr maddi çətinliklər səbəbindən qızlarını məktəbdən çıxararaq ev təsərrüfatı və ailə biznesi işlərinə yönləndirirlər. Bu problemin həlli regionların inkişafı və insanların sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutan sistemli tədbirlərin həyata keçirilməsini tələb edir. Bu tədbirlər isə Dövlət Komitəsinin səlahiyyətlərini aşan və birbaşa Azərbaycanın siyasi idarəetməsi ilə bağlı məsələdir.